Yusif Xıdır oğlu Qazıyev

Yusif Xıdır oğlu Qazıyev 1934-cü ildə Qərbi Azərbaycanın Quqark (Böyük Qarakilsə) rayonunun Arçut kəndində anadan olub. 1949-cu ildə öz doğma kəndində natamam orta məktəbi, 1953-cü ildə Gürcüstan Respublikasının Marneuli (Sarvan) Pedaqoji Məktəbini, 1957-ci ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunu (indiki Azərbaycan Dillər Universiteti) bitirib. Kəşməkəşli həyatı olan Yusif müəllim və keçmiş ata-babaları digər həmyerliləri kimi bir əsrdə 5 dəfə soyqırıma və deportasiyaya (1905-1907, 1918-1920, 1937-1941, 1948-1953, 1988-1991-ci illərdə) məruz qalmış, hər dəfə də mənəvi, fiziki əzab və itkilərə düçar olmuşlar. Lakin çəkdiyi əziyyətlər onu təhsildən soyutmayıb. Əksinə, müəllim olmaq, müəllimlik nuru ilə ətrafı aydınlatmaq , şagirdlərinin sevimlisinə çevrilmək onun ən böyük arzusu olub. Və müəllimlikdən alimliyə doğru pillə-pillə yüksəlib.

Təcrübəli pedaqoq 90 yaşının 53 ilini iki orta məktəbdə müəllimlik və eyni zamanda alimlik fəaliyyəti ilə məşğul olub. Bu 53 ilin 31 ilini Qərbi Azərbaycanda Pəmbək mahalının Arçut kəndində, 22 ilini isə Bakıdakı 276 nömrəli tam orta məktəbdə müəllim kimi fəaliyyət göstərib.

Yusif müəllim 2011-2021-ci illərdə AMEA-nın Tarix İnstitutunda “Azərbaycan xalqına qarşı soyqırımları” şöbəsində böyük elmi işçi işləyib.

Gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, ölkəmizdə elmi-pedaqoji problemlərin həllində də fəal iştirak edən təcrübəli müəllim respublika miqyasında keçirilən pedaqoji konfranslarda mühazirə və məruzələr edib, öz iş təcrübəsini dövri mətbuatda - qəzet və jurnallarda işıqlandırıb. O, dəfələrlə “İlin ən yaxşı müəllimi”, “İlin ən yaxşı mühazirəçisi” üzrə rayon və şəhər müsabiqələrinin qalibi olub.

Ana dili ilə yanaşı Türk, Rus və Alman dillərini də bilir. Ailəlidir 2 oğlu, 5 nəvəsi var.