Yenilik
Arçut kənd orta məktəbinin 100 illik yubiley tədbiri barədə
MƏLUMAT
Arçut Kənd İcmasının “Məşvərət-Məsləhət Məclisi”nin təşkilatçılığı, Arçut Kənd İcmasının “Məşvərət-Məsləhət Məclisi”nin sədri, həkim-alim Akif Daşdəmirovun təşkilati rəhbərliyi ilə 2024-cü ilin may ayının 26-da Bakı şəhərində 450 nəfərin iştirakı ilə təmtəraqlı şəkildə Qərbi Azərbaycanın Pəmbək mahalının Arçut kənd orta məktəbinin 100 illik yubiley tədbiri keçirildi. Tədbirin təmtərağı onun tərtibati işlərində və aparıcılıqda, həmçinin əhatəli iştirakçılıqda özünü göstərdi. Belə ki, tədbir mərasimi zalı və foyeni məzmuna uyğun bəzəyən və yubileyin həkk olunduğu stendlər, çərçivə fotoları, digər əşyalarda öz məzmununu əks etdirdi. Arçutlu memar Şakir Məmmədovun layihəsi əsasında xüsusi qaydada hazırlanmış məktəbin maketi qonaqların və tədbir iştirakçılarının diqqətini xüsusi olaraq çəkdi. Foyedəki əyani vasitələr tədbir iştirakçılarına və qonqalara təqdim olundu. Müəllimlər foyedəki sərgidə nümayiş olunan vasitələr barədə gələn qonaqlara məlumatlar verdilər.
Tədbirin moderatorluğunu əməkdar artist Elnur Hüseynov və televiziya müxbiri Elnarə Qədimova həyata keçirdi.
Tədbir Arçut Kənd İcmasının sədri Rəfayət İsmayılov tərəfindən açıldı. Ardınca “Şuşam” xor kamerasının ifasında himnimiz səsləndi və “Baharlı yurdum” mahnısı ifa olundu. Şəhidlərimizin və dünyasını dəyişmiş müəllim və şagirdlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Milli Liderimiz Heydər Əliyevin və ölkə başçımız möhtərəm İlham Əliyevin qəhrəmanlıq, məktəb, elm və təhsillə bağlı, qayıdış konsepsiyası ilə əlaqəli çıxışlarından ibart video-çarxa baxıldı, nitqləri dinlənildi. Sonra məclisə xeyir-dualar başladı. İlk xeyir-duanı video-çarx vasitəsilə məktəbin uzun müddət direktoru vəzifəsində işləmiş Əliyev Məhəmməd Abbas oğlu verdi. Orta məktəbin qocaman müəllimlərindən və şagirdlərindən olan Yusif Qazıyev, Hacı Çəltikov, general İnayət Xəlilov, Məcid Məşədiyev, Səyyad Rəfiyev, Zahid Canoyev, Arçut Kənd İcması “Ağsaqqallar Şurası”nın sədri Əflatun Məmmədov çıxış edərək məclisin əhəmiyyətindən danışdılar və təşkilatçılara və bu tədbirin ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkür etdilər.
Tədbir iki hissədən ibarət idi: Birinci - rəsmi hissə, ikinci – bədii hissə. Rəsmi hissədə əsasən Arçut kənd orta məktəbinin tarixi və fəaliyyəti barədə orta məktəbdə müəllim işləmiş Məcid Məşədiyev, məktəbin tarix müəllimi və məktəbdə muzey təşkil etmiş Səyyad Rəfiyev, digər müəllim Zahid Canoyev müxtəlif mövzularda məruzə və təqdimat çıxışları etdilər.
Məktəbi qızıl medalla bitirmiş həkim Sədi Qurbanov maraqlı xatirələrini bölüşdü. Eyni zamanda mərasimə qatılan qonaqlara söz verildi. Qonaq kimi Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli və Böyük Qarakilsə İcmasının sədri, BDU-nun professoru Zahid Cəfərov çıxış edərək tədbir iştirakçılarını təbrik etdilər və tədbirin əhəmiyyətini vurğuladılar.
Bədii hissə maraqlı kompozisiya ilə start götürdü. Məclisə təşrif buyurmuş “Xan” rəqs qrupu maraqlı şou nümayiş etdirdi. Ardınca Arçutlu Fatma xanım Süleymanovanın şeirinə Arçutlu Qələndər Cinoyev tərəfindən bəstələnmiş “Arçut Eli” mahnısının təqdimatı oldu və ilk dəfə müğənni Yeganə Zahidqızı tərəfindən səsləndirildi. Daha sonra kənd aşıqları və şairləri Məhərrəm Oruclu, İbrahim Dağlaroğlu və Habil Rəcəbov tərəfindən şeirlər söylənildi, saz havası dinlənildi. Ürək sözləri bildirildi. Arçut kənd məktəbinin məzunlarından Tahir Məmmədov, həkim Tamilə Qurbanova maraq kəsb edən məzmunda çıxışlar etdilər.
Bədii hissənin axarında “Məktəb illəri” mahnısının sədaları altında zala məktəbin maketi təqdim olundu. Maket kompozisiyası tədbir iştirakçıları arasında xüsusi rəğbət qazandı. Yüksək alqışlarla qarşılandı. Sonra məktəbin 100 illiyi ilə əlaqədar hazırlanmış tort kəsildi. Məclisin sonuna yaxın “Son zəng” səhnəsi təqdim edildi. 1987-1988-ci və 1988-1989-cu tədris ilinin məzunları və şagirdləri Bəxtiyar Vahabzadənin “Son zəng” şeirini səsləndirib, rəmzi olaraq son zəngi vurdular.
Tədbir iştirakçıları foyedə qoyulmuş “Xatirə kitabı”na ürək sözlərini yazdılar. Həmçinin foyedə çəkiliş aparan tele-müxbirin maraqlı suallarını cavablandırdılar.
Materialı “Arçut Kənd İcması”nın Mətbuat xidməti hazırladı










Müdriklik, ziyalılıq, kamala yetişmək- bu elementlə birlikdə uca zirvəni təmin edir. Kamala yetişmiş insan ağlı xeyirxah əməllə nəticələndikdə, sintez olunduqda müdriklik meydana gəlir. Bilik, bacarıq, istedad və qabiliyyət müdriklıklə çulğaşdıqda ziyalılıq formalaşır.
Bütün bu dəyərləri və keyfiyyətləri özündə daşıyan, eloğlumuz Əflatun Məmmədovun bu il 60 yaşı tamam olub. Ona el- oba və xalqımıza xidmətlər yolunda uzun və sağlam ömür arzu edirik!


Şərəfli ömür yolu!
(Əflatun Məmmədov- 60)
Arçut kəndinin əziz və hörmətli sakinləri!
M. F. Axundov adına Arçut kənd orta məktəbinin 100 illik Yubiley tədbiri ilə bağlı Arçut İcması tərəfindən silsilə işlər görülməkdədir. Bu gün, 19 may 2024- cü ildə həmin işlərdən daha birisi baş tutdu. Heydər Əliyev Mərkəzinin yaşıllıq zonasında Arçut kənd əsilli uşaqlarla İcmanın Məşvərət- Məsləhət Məclisinin üzvlərinin görüşü baş verdi. Uşaqlar şeir söylədilər və xatirə şəkilləri çəkdirdilər. Tədbirə qatılacaq iştirakçılara və o cümlədən qonaqlara öz dilləri ilə xoş gəldiniz, söyləməkləri üçün şüarlarını səsləndirdilər.






XATİRƏ KİTABI
18.05.2024
Arçut kəndinin çox hörmətli sakinləri, məlumdur ki, 26 may 2024- cü il tarixində Bakı şəhərindəki " Neapol" Şadlıq Sarayında M. F. Axundov adına kənd orta məktəbinin 100 illik yubiley tədbiri keçiriləcək. Bu münasibətlə tədbir iştirakçılarının ürək sözlərinin və xatirələrinin qeyd olunması üçün " Xatirə kitabı" hazırlanıb. Arçut İcması qərara gəlmişdi ki, bu kitaba ilk ürək sözünü uzun müddət məktəbə rəhbərlik etmiş Əliyev Məhəmməd Abbas oğlu yazsın. Özünün 100 yaşının ərəfəsində olan Məhəmməd müəllimin 26 may günündə üzrlü səbəbdən iştirak edə bilməyəcəyini nəzərə alan Arçut İcmasının Məşvərət- Məsləhət Məclisinin bir qrup üzvü 18 may 2024- cü il tarixində el ağsaqqalını evində ziyarət etmişdir.


"Müəllimlər müəllimi" adlandırılan Məhəmməd müəllim "Xatirə kitabı"-na ilk ürək ürək sözünü yazmış və imzasını atmışdır. Bununla da Yubiley tədbirinə ilk xeyir- duanı vermişdir.




Prezident İlham Əliyev "Bir sıra məhkəmələrin sədrlərinin, məhkəmə kollegiyaları sədrlərinin və birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi ilə bağlı bəzi məsələlər haqqında" sərəncam imzalayıb.
Ayaz Süleyman oğlu Məmmədov Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Şabran Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;
Arçut İcması adından Ayaz Süleyman oğlu Məmmədovu təbrik edirik!


90 illik yubileyi münasibətilə Yusif Xıdır oğlu Qazıyevi Arçut icması olaraq təbrik edirik!
Yusif Xıdır oğlu Qazıyev 1934-cü ildə Qərbi Azərbaycanın Quqark (Böyük Qarakilsə) rayonunun Arçut kəndində anadan olub. 1949-cu ildə öz doğma kəndində natamam orta məktəbi, 1953-cü ildə Gürcüstan Respublikasının Marneuli (Sarvan) Pedaqoji Məktəbini, 1957-ci ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunu (indiki Azərbaycan Dillər Universiteti) bitirib. Kəşməkəşli həyatı olan Yusif müəllim və keçmiş ata-babaları digər həmyerliləri kimi bir əsrdə 5 dəfə soyqırıma və deportasiyaya (1905-1907, 1918-1920, 1937-1941, 1948-1953, 1988-1991-ci illərdə) məruz qalmış, hər dəfə də mənəvi, fiziki əzab və itkilərə düçar olmuşlar. Lakin çəkdiyi əziyyətlər onu təhsildən soyutmayıb. Əksinə, müəllim olmaq, müəllimlik nuru ilə ətrafı aydınlatmaq , şagirdlərinin sevimlisinə çevrilmək onun ən böyük arzusu olub. Və müəllimlikdən alimliyə doğru pillə-pillə yüksəlib.
Təcrübəli pedaqoq 90 yaşının 53 ilini iki orta məktəbdə müəllimlik və eyni zamanda alimlik fəaliyyəti ilə məşğul olub. Bu 53 ilin 31 ilini Qərbi Azərbaycanda Pəmbək mahalının Arçut kəndində, 22 ilini isə Bakıdakı 276 nömrəli tam orta məktəbdə müəllim kimi fəaliyyət göstərib.
Yusif müəllim 2011-2021-ci illərdə AMEA-nın Tarix İnstitutunda “Azərbaycan xalqına qarşı soyqırımları” şöbəsində böyük elmi işçi işləyib.
Gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, ölkəmizdə elmi-pedaqoji problemlərin həllində də fəal iştirak edən təcrübəli müəllim respublika miqyasında keçirilən pedaqoji konfranslarda mühazirə və məruzələr edib, öz iş təcrübəsini dövri mətbuatda - qəzet və jurnallarda işıqlandırıb. O, dəfələrlə “İlin ən yaxşı müəllimi”, “İlin ən yaxşı mühazirəçisi” üzrə rayon və şəhər müsabiqələrinin qalibi olub.
Ana dili ilə yanaşı Türk, Rus və Alman dillərini də bilir. Ailəlidir 2 oğlu, 5 nəvəsi var.


07.02.2024
7 FEVRAL PREZİDENT SEÇKİLƏRİ




22.01.2024












Müəllim,
Müəllimlik, o, ülvi şərəfli peşəyə dair….
Qobusnamə:
Şərəflidir, əgər yaxşı adla ölsəm mən,
Mənə ad qalacaq, öləcək bədən.
Bu yazını, ERM. SSR, Quqark (Yaqublu) rayonu Mirzə Fətəli Axundov adına Arçut kənd orta məktəbinin dərs hissə müdiri işləmiş, fizika, riyaziyyat, həndəsə və astranomiya fənnlərindən dərs demiş, o cümlədən Yerevan şəhəri, müəllimlərin təkmilləşdirmə kurs mərkəzində yuxarıda adları çəkilən fənnləri tədris etmiş mərhum atam Məsim Yusif oğlu Məmmədovun parlaq xatirəsinə həsr edilmiş, müəllifi olduğum “Məsim müəllimin şərəfli ömür yolu” kitabına həsr edirəm.
Onu xatırlayarkən, onun simasında bu gün həyatda sağ olan və eləcə də dünyadan köçmüş cəmi fədəkar həmkar müəllimlərin, o cümlədən müəllim adını daşıyan, o, uca varlıqların əziz xatirəsini anır, onlara sayğıda sonsuz ehtiramımı bildirirəm…
Arçut kənd orta məktəbində uzun müddət dərs hissə müdiri işləmiş, atamın fədakar pedaqoji fəaliyyəti “əməkdar maarif əlaçısı” adına layiq görülmüşdür. Bu da, onun parlaq zəkası, üstün pedaqoji fəaliyyətinin bariz nümunəsidir. O, folklorsevər, özünə məxsus xarizması, məlahətli səsi ilə həm də həvəskar tar musiqi alətinin ifaçısı idi… Nizaminin xəmsəsini əzbərdən bilən atam, el şənliklərinə rəhbərlik etmişdir (Yeri gəlmişkən Dahi Nizamini təməldən o, bizə sevdirmişdir). Eyni zamanda bütün digər fənnlərə, başda coğrafiya olmaqla sonsuz həvəslə ziyalı münasibəti göstərən bir fenomenlik nümunəsi sərgiləmişdir… Onun fizika, riyaziyyat həndəsə fənləri ilə yanaşı, o cümlədən astranomiya fəninin tədrisində, həmçinin, Nəsrəddin Tusi dühasına olan rəğbəti, ayrıca bir elmi araşdırma mövzusudur. Allah cəmi valideyinlərimizə bir daha rəhmət eləsin! Amin…
Əsas mövzuya keçid alaraq bildirmək istəyirəm ki, atam mənim ilk müəllimim, elm yolunda əlimdən tutub ilk yol göstərənimdir. Hər bir övlad öz genetikasının irsi davamçısı, bioloji olaraq birbaşa, əslində isə bilavasitə özüdür…
Müəllimliyə gəlincə, əsl müəllimlik həyatda ən şərəfli, ən məsuliyyətli və ən müqəddəs bir peşədir. Müəllimlik, zəhmətsevərliklə yoğrulmuş məslək sahibinə baş ucalığı gətirən ən ülvi bir sənət nümunəsidir. Həmçinin bu sənət, bütün mənəvi dəyərləri özündə aşılayır, humanist düşüncələri yaşadlr. Onun fəlsəfəsi sosial statuslu əzəli və əbədi yanan bir məşəldir. Bu məşəl öz sönməzliyi ilə ölməzdir. Bəşəri dəyərləri özündə təcəssüm etdirur, həm canlı, həm klassik məsləkdir…
B. Vahabzadə:
Kədər düşüncədir, qəm düşüncədir,
Qəmin pəncəsində düşünürük biz.
Fikirlər, fikrimdə qönçə-qönçədir,
Məçhulə bir yoldur hər düşüncəmiz.
Odur ki, müəllimlik bəşəriyyətə hər bir sənətin təməldən incəliklərini öyrənib, öyrətməyin yolunu göstərən ən üstün məsləkdir. Bu yol, bu şərəfli peşədən, onun ən uca müəllimlik zirvəsindən keçir. Heç şübhəsiz ki, hər bir bəşər övladının öyrənəcəyi elmin də həyat sübyekti bilavasitə müəllimlik peşəsi ilə bağlıdır.
Ictimai yüklü dünyəvi və bəşəri bir sənət kimi müəllimlik sənəti də bütün sənədlərin fövqündə, onların önündə, özəyini təşkil edir. Həyatda hansı sferada bir bilik qazanılırsa, onun təməlni ilk növbədə müəllim qoyur. Bununlada həyatda peşə müxtəlifliyinin ilk başlanğıcı müəllimlik peşəsinin işığından öz nəsibini almış olur.
Nizami:
Bilikli adamlar uzağı görər,
Cahilin zəhməti, hədərdir hədər.
Təbii ki, müəllimin öz peşəsinin vurğunu olması, ilk öncə, onun öz sənətinə olan sevgisindən irəli gəlir. Öz peşəsinin ustası olması isə, onun ağlı və qəlbinin öz sənətinə yatımı ilə üzvi surətdə bağlıdır. Necə ki, ustadlar demiş: ”əli ilə işləyən fəhlə; əli, ağlı ilə işləyən usta; əli, ağlı və qəlbi ilə işləyən sənətkar adlanır.”
Eyni zamanda, müəllimdə öz sənətinin gücünü və qüdrətini göstərə bilmək, onun daxili mənəviyyatının saflığı, ucalığı və peşəkarlığı ilə ölçülür. Müəllimin sevərək, sevilərək öz sənətinin vurğunu olması da, onun düşüncə sərbəstliyi ilə sərbəst yaradıcılığının daxili araşdırıcı aləmi ilə sıx vəhdətdə olmasına bağlıdır.
Nizami:
O kəs ki, ömrünü həsr etmiş elmə,
Baş əyməz heç zaman, cəzri- əsəmmə.
Müəllimdə peşəkarlıq, tədris etdiyi fənninin incəliyinə, onun məntiqi fələsəfəsinə ustalıqla yiyələnəbilmə bacarığına söykənir. Müəllimin, müəllimlik peşəsinin gücü də, onun özünü təsdiq etməsi, iradə gücü ilə qərarlılığı sayəsində mümkün olur. Həmçinin öz sənətinin məziyyətlərinə yaxından bələd olub onu tanınması, həyatda müəllimin ən vacib və ən nümunəvi cəhətlərinə aid edilir.
Müəllimin eləcə də şəxsiyyəti ilə peşəsinin üst-üstə düşməsi, onun xarakterinin bir bütövlüyünü ifadə edir. Yaradıcılığla öz peşəsini birləşdirə bilməsi də, onun aktiv pedaqoji fəaliyyəti ilə gərgin zəhmətinin bilavasitə bəhrəsi sayəsində olur.
Nizami:
Kim ki, öz-özünü düşmüşdür başa,
Ona ölüm yoxdur, o ölməz haşa.
Beləliklə yaradıcı müəllim, həm peşəsinə bağlı olan, həm öz düşüncə və biliyi ilə özünü isbatlayan, həm məsləyini sevən, həm də öz təcrübəsini ustalıqla bölüşə bilən bir ziyalıdır. O, həmçinin bilik-bacarığını comərdcə paylaşan, eyni zamanda oturuşmuş elmi ilə özünü təsdiq edən, onu isbat edəbilən, sərf etdiyi əməyini ifadə edəbiləndir. Bu qəbildən atamın da üstün pedaqoji fəaliyyəti ilə öz müqəddəs müəllimlik peşəsinin vurğunu olması, onun yuxarıda sadalanan dəyərlərə peşəkar yanaşması sayəsində mümkün olmuşdur.
Xülasə, bu gün sosial media ortamında və eləcə də qloballaşma, rəqəmsallaşma ilə elmi - texniki yenilənmənin fövqəlbəşər düşüncələrinin kəsişdiyi bir müstəvidə, peşəkar bir müəllim olabilmək, yaradıcı müəllim məfkurəsində ilk öncə bir yatılı könül işi və bir də üstün təcrübə istəyir. Mükəmməllik və kamilləşmə də, müəllimdə onun parlaq idraki və üstün mənəvi cəhətlərinin peşəkarlıqla yönləndirilməsi ilə mümkündür.
Həmçinin də bu baxımdan peşəyönlü mükəmməllik, müəllimdə cəmləşən pedaqoji, əxlaqi və tərbiyəvi dəyərlərinin üzvü vədəti sayəsində mümkündür. Eyni ilə də bəşəri dəyərləri mənimsəyib öyrənə və öyrədəbilmə qabiliyyəti ilə əlaqəlidir.
Odur ki, müəllimdə şərtləndirilən hər bir hikmət, özündə həyatın məxsusi bir sirrli dünyasının dərinliyini gizlədir, ayrıca olaraq insan zəkasının məhsulu, idrakının sönməz işığına dəlalət edir.
Ustad Aşıq Ələsgər:
Kim ki, ustadına kəm baxar,
Onun gözlərinə, qan damar-damar…
Sevimli müəllimimiz haqqında
" Ağsaqqallar Şurası"nın təsis iclası keçirildi.
Qərbi Azərbaycan İcmasının nəzdində fəaliyyət göstərən " Böyük Qarakilsə İcması" nın tərkibi olan " Arçut İcması"nın " Ağsaqqallar Şurası"nın təsis iclası keçirildi. İclasda hörmətli eloğlumuz, dəyərli ziyalımız Əflatun Məmmədov yekdilliklə Şura sədri seçildi. Ona bu ictimai və fədakar işində uğurlar arzulayırıq!
Ağsaqqallar Şurası İcmanın tövsiyəverici və müvafiq qərarlar qəbul edən ən səlahiyyətli strukturudur. Qərarları qəbul edən yüksək statuslu bölmədir. Onun hüquq və vəzifələri " Arçut İcmasının Əsasnaməsi"ndə öz əksini tapıb.
Şuraya uğurlar arzulayırıq! İnanırıq ki, Əflatun müəllim hər zaman olduğu kimi bu məsələdə də kəndimizin etimadını doğruldacaq!



