İCMA

İsmayilov Rəfayət Məmməd oğlu.

Arçut kənd İcma sədri

Qərbi Azərbaycan icması ilə görüş

Bu gün Qərbi Azərbaycan İcmasında Arçut kənd İcmasının bir qrup üzvləri ilə görüş keçirildi. Görüşün məqsədi bu il ali məktəblərə yüksək balla daxil olan, tələbə adını qazananlar idi. Görüşdə icma sədri Əziz Ələkbərli nitq söylədi. O, nitqində 600-dən çox bal toplayan 5 nəfər tələbəni təbrik edərək onlara uğurlar arzuladı.

Tədbirdə həm də Qərbi Azərbaycan İcması, Böyük Qarakilsə rayonu İcmasının sədri Zahid Cəfərov da çıxış etdi və o da öz növbəsində yüksək bal toplayaraq tələbə adını qazanan 5 nəfəri təbrik etdi.

Arçut kənd İcmasının sədri Rəfayət İsmayılov sevinc hissi ilə çıxış edərək onlara uğurlar arzuladı. Valideynlərdən Valeh İsmayılov indiki nəslin elmə, təhsilə olan marağının artırılmasının vacib olduğunu qeyd etdi. Sonda tələbələrə hədiyyələr təqdim olundu.

"Mən Əhmədli Eminə Müşviq qızı, 5 aprel 2007ci il tarixində anadan olmuşam. 15 sentyabr 2013 tarixində Sumqayıt şəhəri Nizami Gəncəvi adına Texniki və təbiət elmləri liseyində təhsil həyatıma ilk addımlarımı atmışam. 2024cü ildə orta məktəbi qırmızı attestatla başa vurmuşam. 653.3 balla Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsinə qəbul olmuşam."

"Məmişova Əminə Seyran qızı 21 dekabr 2006 cı ildə anadan olmuşam. 2024 cu ildə orta məktəbi fərqlənmə attestati ilə bitirmişəm. Ali məktəbə qəbul imtahanindan 611 bal toplayaraq AZƏRBAYCAN PREZİDENTİ YANINDA DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASINA qəbul olmuşam."

İsmayılov Murad Valeh oığlu - 2006-cı il dekabrın 27-də Sumqayıt şəhərində anadan olub. 2024-cü ildə Bakı şəhər 160 saylı Klassik Gimnaziyanı bitirib. Ali məktəblərə keçirilən qəbul imtahanında 617 bal toplayaraq Azərbaycan-Fransız Universitetinin Geofizika mühəndisliyi fakültəsinə qəbul olunub.

"Rəbiyyə Əlizadə 2013-cü ildə 57 nömrəli tam orta məktəbdə təhsil almağa başlamışam.2019-cu ildə keçirilən Lütfizadə adına 4-cü Məntiq Olimpiadasında qızıl medal,2022-ci ildə Thailand İnternational Mathematics Olympiad(TİMO)-da gümüş medal,2023-cü ildə Singapore and Asian Schools Math Olympiad-da qızıl medal,American Mathematics Olympiad-da qızıl medal,Kenquru Beynəlxalq Riyaziyyat Olimpiadasında qızıl medal almışam.9 və 11-ci sinifi fərqlənmə attestatı ilə bitirmişəm. 2024-cü il buraxılış imtahanında 300 bal,blok imtahanında 397 bal toplayaraq,ümumi 697 balla Bakı Ali Neft Məktəbinin İnformasiya Təhlükəsizliyi ixtisasına qəbul olmuşam."

"Mən Rəcəbova Gültəkin Aydın qızı 07.10.2007-ci il tarixində Bakı şəhərində anadan olmuşam.2013-ci ildə Bakı şəhəri Nəsimi rayonu Mehdi Hüseynzadə adına 19 nömrəli tam orta məktəbə daxil olmuşam və 2024-cü ildə isə fərqlənmə attestatı ilə həmin məktəbdən məzun olmuşam. 2024-cü ildə 665.5 bal ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının hüquqşünaslıq fakültəsinə daxil olmuşam.

Atam-Rəcəbov Aydın Kərim oğlu 2021-ci ildə vəfat edib.

Anam-Şirvanova Zenfira Təyyub qızı xadimə vəzifəsində çalışır."

Hər birinizi Arçut icması olaraq təbrik edir, uğurlarınızın davamını arzulayırıq.

Qərbi Azərbaycan İcması və “Arçut İcması”nın qurumda təmsilçiliyi.

Görülən işlər barədə “Arçut İcması”nın məlumatı

1989-cu ildən 2022-ci ilin avqust ayının 3-nə qədər Azərbaycan Qaçqınlar Cəmiyyəti kimi fəaliyyət göstərmiş, sonradan Qərbi Azərbaycan İcmasına çevrilən qurum dövlətin Qərbi azərbaycanlılarla bağlı siyasətinin müəyyən olunmasında bir ideya bazasıdır. Fəaliyyətindən görünür ki, bu qurumda müvafiq dövlət siyasətinin formalaşması üçün ictimai və sosial təşəbbüslər hazırlanır və reallaşır. İcma Qərbi azərbaycanlıları dövlətə bağlayan, onun siyasətinə üzv edən ictimai məzmunlu bir təsisatdır. Dövlət siyasətinin mahiyyətini, qayəsini və məğzini Qərbi azərbaycanlılara çatdıran ümumiləşmiş fəaliyyət prinsiplərinə sahib olan bir qurumdur.

24 dekabr 2022-ci ildən, - Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin öz ad günündə Qərbi Azərbaycan İcmasının mərkəzi inzibati binasına baş çəkməsindən, - başlayaraq hal-hazıra qədər Qərbi azərbaycanlıların oyanış və dirçəliş prosesi davam etməkdədir. Hətta bu proses getdikcə güclü vüsət almaqdadır. Prosesin güclənməsi halları həmçinin XX əsr boyu (1905-1906; 1918-1921; 1948-1953 və 1987-1991-ci illərdə) deportasiyaya və məcburi köçə məruz qalan Qərbi azərbaycanlıların ölkə ərazisində bir neçə milyon nəfərdən ibarət olması ilə bağlıdır. Çoxmilyonluq Qərbi azərbaycanlı məfkurəsi prosesin güclü şəkildə dalğalanmasını şərtləndirir. Qərbi azərbaycanlıların dirçəliş və oyanış hərəkatı öz ilhamverici ruhunun mənbəyini ölkə başçısı İlham Əliyevin İcmaya dəstəyindən və dövlət qayğısından götürüb. Bu yöndə Qərbi azərbaycanlıların oyanış və maarifçilik hərəkatı öz fiziki və mənəvi gücünü başlıca olaraq dövlətin diqqət və hörmətindən alır. Eyni zamanda böyük milli və regional potensiala güvənir.

Etiraf etmək lazımdır ki, Qərbi azərbaycanlıların kiçik tərkibi olan biz Arçutlular, öz doğma yurdlarımızı məcburi şəkildə tərk etsək də toponimlərini əsla yaddan çıxarmamışıq. Maddi-mədəni irsimizə doğma yurdlarımızdan gətirdiklərimiz maddi vasitələrdə qismən də olsa sahib çıxa bilmişik. Adət-ənənələrimizin icrası qaçqınlıq tarixində, başqa yaşayış məskənlərində (Azərbaycanda və digər ölkələrdə) toplu halda iki əsrdir ki, davam etməkdədir. Qərbi Azərbaycan birliyi bu gün də öz aktuallığını qoruyub saxlamaqdadır. Eləcə də ölkənin ictimai və siyasi, mədəni, elmi və iqtisadi həyatında regional birliyin iştirakının yaxından təmin olunmasında mühüm amilə çevrilmişdir. Həmçinin etiraf etmək lazımdır ki, bu gün yaşanan aktiv iştirak deportasiyaya məruz qalanların birliyinin, həmrəyliyinin hesabına mümkün olmuşdur.

Qərbi Azərbaycan İcmasında təmsilçliyin məğzi, qayəsi çox genişdir. Bu barədə dərin təhlillər aparmaq olar.

Ölkə başçıçmızın iradəsi və qətiyyəti sayəsində və ordumuzun qüdrəti ilə əldə olunmuş Qarabağ qalibiyyətindən və zəfərindən dərhal sonra Arçut kəndi fəallaşmağa başladı. Sanki özünün yeni dirçəliş və oyanış hərəkatına başlanğıc verdi. Kəndimizdə “ARDIC” adlanan Hərəkat start götürdü. Bu baxımdan 2020-ci ilin noyabr ayının 23-dən başlayarq yeni bir həmrəyliyimizə həyat bəxş olundu. Ölkə başçımız möhtərəm İlham Əliyevə 630 nəfər Arçutlunun imzası ilə kollektiv Müraciət göndərdik. Müraciətin əsas məğzi İşğaldan azad olunmuş Qarabağa köç etmək və orada Ardıc adında kənd salmaqdan ibarət oldu.

2020-ci ilin noyabrından başlanan birliyimiz bu gün də davam etməkdədir. Təşkilatlanmağımız sayəsində bir çox işlərə imza atmışıq.

Hal hazırda Qərbi Azərbaycan İcmasının nəzdində fəaliyyət göstərən “Böyük Qarakilsə İcması”nın daxilində “Arçut İcması” olaraq fəaliyyət göstəririk. Qərbi Azərbaycan İcması tərəfindən “Böyük Qarakilsə İcması”nın sədri vəzifəsinə hüquq üzrə professor Zahid Cəfərov təyin olunub. “Arçut İcması”nın sədri vəzifəsinə isə Arçut kənd sakini Rəfayət Məmməd oğlu İsmayılov təyin edilib. Rəfayət İsmayılov Arçut kəndinin sakinləri tərəfindən seçilərək təmsilçi nümayəndə kimi İcmaya göndərilib. İcma tərəfindən müvafiq vəzifəyə təsdiqlənib.

2020-ci ilin noyabrından başlanan birliyimiz bu gün də davam etməkdədir. Təşkilatlanmağımız sayəsində bir çox işlərə imza atmışıq:

-Binəqədi rayonu ərazisində yerləşən kənd qəbirstanlığının abadlaşdırılması ideyasının reallaşmasını gündəliyə gətirərək, aidiyyatı qurumların razılığı və dəstəyi sayəsində kəndimizin şəxsi vəsaiti hesabına abadlıq işlərinin görülməsini təmin etmişik;

-kəndimizin elektron xəritəsini tərtib etmişik;

-Azərbaycan Qaçqınlar Cəmiyyəti ilə ilkin görüşlərin keçirilməsini təşkil etmiş və əməkdaşlıq məsələlərini gücləndirmişik. Cəmiyyətlə cari əlaqələr quraraq iclaslarına qatılmışıq;

-Cəmiyyətin tövsiyəsi ilə 1988-ci ilin sonuna olan kənd əhalisinin siyahıya alınması işlərini həyata keçirmişik. Məlum olmuşdur ki, əhali sayı 3750 nəfərdən ibarət olmuşdur , 450 ev , 850 təsərüfat olub;

-1941-1945-ci ilin müharibə iştirakçılarının siyahısını tərtib etmişik. Məlum olmuşdur ki, kəndimizdən müharibədə cəm halda 168 nəfər iştirak etmişdir. Onlardan qayıtmayanlar 96 nəfər, qayıdanlar isə 72 nəfər təşkil etmişdir. Bu məsələdə bir haşiyə çıxaraq onu diqqətinizə çatdırmaq yerinə düşər ki, müharibə dövründə kəndimizdə heç 150 ev olmadığına baxmayaraq, cəbhəyə 168 nəfər yollanmışdır. Bu da ondan irəli gəlmişdir ki, o zamankı erməni rəhbərliyi türkün kökünü kəsmək məqsədilə bu addımı qəsdən atmış, azərbaycanlıların soyqırımı üçün bu taktikaya üstünlük vermişdir;

-Qarabağ müharibəsi iştirakçılarının (antiterror əməliyyatları da daxil olmaqla) sayının müəyyən olunması və tərtib edilməsi işləri həyata keçirilmişdir. Məlum olmuşdur ki, Birinci və İkinci Qarabağ müharibəsində və antiterror əməliyyatlarında kəndimizdən cəm halda 145 nəfər iştirak etmişdir. Onlardan Milli Qəhrəmanımız Fərhad Hümbətov başda olmaqla, cəm halda altı nəfər şəhid olmaqla, ümumilikdə 91 nəfəri Birinci Qarabağ müharibəsinin, bir nəfər Vətən müharibəsi şəhidimiz İsmayılov Ruslan Eyvaz oğlu başda olmaqla 46 nəfər İkinci Qarabağ müharibəsinin, 8 nəfər isə antiterror əməliyyatlarının iştirakçısı olmuşdur;

-kənd müəllimlərinin, tədris işçilərinin və alimlərin siyahısının tərtibini həyata keçirmişik. Məlum olmuşdur ki, 1924-1988-ci illər ərzində 119 nəfər müəllim və tədris işçisi orta məktəbdə fəaliyyət göstərmişdir. Bu günə olan alimlərimizin sayı isə 29 nəfərdən ibarətdir. Əksər sahələrdə alimlərimiz fəaliyyət göstərməkdədir;

-məktəbi qızıl və gümüş medallarla bitirənlərin siyahısını tərtib etmişik. Məlum olmuşdur ki, 1924-1988-ci illər arasında məktəbi dörd nəfər qızıl, üç nəfərisə gümüş medalla bitirmişdir.

Əlavə olaraq kəndimizin fəalları tərəfindən bu kimi işlər də həyata keçirilib:

-kəndin həkimlərinin siyahısının tərtibi işi tamamlanmışdır. Məlum olmuşdur ki, Arçut kəndi indiyə qədər 74 nəfər həkim yetişdirmişdir;

-məhəllə və tayfaların siyahısının tərtibi işləri tamamlanmışdır. Məlum olmuşdur ki, kəndimizdə 25 adda tayfa, 23 adda məhəllə olmuşdur;

-kəndin toponimlərinin tərtibi həyata keçirilmişdir. Məlum olmuşdur ki, 170-ə yaxın toponim adı mövcud olmuşdur;

-Dialektik (ləhçə, şivə) lüğətin tərtibi və işləri həyata keçirilmişdir.

Məlumdur ki, İcmamızın rəhbəri, hörmətli deputatımız Əziz müəllim Ələkbərlinin rəhbərliyi ilə, eləcə də İcmada təmsil olunan hörmətli ziyalılarımızın aktiv iştirakları sayəsində birlik öz fəaliyyətini şərəflə davam etdirir. Çox yaxşı haldır ki, İcmanın nəzdində rayonumuzu əhatə edən “Böyük Qara kilsə icması” təsis olunub. Hörmətli professorumuz Zahid müəllim Cəfərov İcmanın Sədri təyin edilib. Biz Arçut İcması olaraq öz işimizi İcma ilə sıx şəkildə qurur, oradan təlimatlar alır və birləşməyimiz, həmrəy olmağımız üçün müvafiq addımlar atırıq. İcmaya qoşulduğumuz qısa bir müddət ərzində müəyyən qədər məsafə qət etmiş, xeyli işlər həyata keçirmişik. İcmanın tövsiyələri əsasında bu kimi addımlar atılıb:

-İlk növbədə İcmada təmsilçilik üçün Arçut İcmasının nümayəndəsi seçilib göndərilib;

-tövsiyə əsasında kəndin 1988-ci ilə qədər mövcud olmuş əhalisinin sayı müəyyən edilib və yekun rəqəm ortaya çıxarılıb;

-Böyük Qarakilsə İcmasının təsis olunması ilə bağlı keçirilən iclasda geniş heyətlə iştirak olunub və formalaşmasında fikirlər bildirilib;

-Bu ilin avqust ayında Quba rayonunda tədbir keçirilib və kənd orada öz mədəniyyətini nümayiş etdirib, tarix və coğrafiya təqdim olunub;

-Arçut İcmasının bayraq emblemi təsis olunub;

-Qərbi Azərbaycan İcmasına üzvlük vəsiqələrinin verilməsi üçün namizədlərin siyahısı tərtib edilərək İcmaya təqdim olunub;

-Arçut elinin həmrəylik gününün keçirilməsi ilə bağlı müəyyən tövsiyələr qəbul olunub. Bu yöndə quruma minnətdarlıq ifadə olunur!

Biz Arçut İcması olaraq Qərbi Azərbaycan İcmasının nəzdində uzun bir yola çıxmışıq. Ümid edirik ki, ölkə başçımız cənab İlham Əliyevin uğurlu siyasəti sayəsində öz tarixi torpaqlarımıza qayıdıb, yenidən o yurdlara nəfəs bəxş edəcəyik. Qayıdış konsepsiyasının reallaşması istiqamətində bir İcma olaraq üzərimizə düşən vəzifələrin icrasını təmin edəcəyik!

Arçut kənd orta məktəbinin 100 illik yubiley tədbiri barədə

MƏLUMAT

Arçut Kənd İcmasının “Məşvərət-Məsləhət Məclisi”nin təşkilatçılığı, Arçut Kənd İcmasının “Məşvərət-Məsləhət Məclisi”nin sədri, həkim-alim Akif Daşdəmirovun təşkilati rəhbərliyi ilə 2024-cü ilin may ayının 26-da Bakı şəhərində 450 nəfərin iştirakı ilə təmtəraqlı şəkildə Qərbi Azərbaycanın Pəmbək mahalının Arçut kənd orta məktəbinin 100 illik yubiley tədbiri keçirildi. Tədbirin təmtərağı onun tərtibati işlərində və aparıcılıqda, həmçinin əhatəli iştirakçılıqda özünü göstərdi. Belə ki, tədbir mərasimi zalı və foyeni məzmuna uyğun bəzəyən və yubileyin həkk olunduğu stendlər, çərçivə fotoları, digər əşyalarda öz məzmununu əks etdirdi. Arçutlu memar Şakir Məmmədovun layihəsi əsasında xüsusi qaydada hazırlanmış məktəbin maketi qonaqların və tədbir iştirakçılarının diqqətini xüsusi olaraq çəkdi. Foyedəki əyani vasitələr tədbir iştirakçılarına və qonqalara təqdim olundu. Müəllimlər foyedəki sərgidə nümayiş olunan vasitələr barədə gələn qonaqlara məlumatlar verdilər.

Tədbirin moderatorluğunu əməkdar artist Elnur Hüseynov və televiziya müxbiri Elnarə Qədimova həyata keçirdi.

Tədbir Arçut Kənd İcmasının sədri Rəfayət İsmayılov tərəfindən açıldı. Ardınca “Şuşam” xor kamerasının ifasında himnimiz səsləndi və “Baharlı yurdum” mahnısı ifa olundu. Şəhidlərimizin və dünyasını dəyişmiş müəllim və şagirdlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Milli Liderimiz Heydər Əliyevin və ölkə başçımız möhtərəm İlham Əliyevin qəhrəmanlıq, məktəb, elm və təhsillə bağlı, qayıdış konsepsiyası ilə əlaqəli çıxışlarından ibart video-çarxa baxıldı, nitqləri dinlənildi. Sonra məclisə xeyir-dualar başladı. İlk xeyir-duanı video-çarx vasitəsilə məktəbin uzun müddət direktoru vəzifəsində işləmiş Əliyev Məhəmməd Abbas oğlu verdi. Orta məktəbin qocaman müəllimlərindən və şagirdlərindən olan Yusif Qazıyev, Hacı Çəltikov, general İnayət Xəlilov, Məcid Məşədiyev, Səyyad Rəfiyev, Zahid Canoyev, Arçut Kənd İcması “Ağsaqqallar Şurası”nın sədri Əflatun Məmmədov çıxış edərək məclisin əhəmiyyətindən danışdılar və təşkilatçılara və bu tədbirin ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkür etdilər.

Tədbir iki hissədən ibarət idi: Birinci - rəsmi hissə, ikinci – bədii hissə. Rəsmi hissədə əsasən Arçut kənd orta məktəbinin tarixi və fəaliyyəti barədə orta məktəbdə müəllim işləmiş Məcid Məşədiyev, məktəbin tarix müəllimi və məktəbdə muzey təşkil etmiş Səyyad Rəfiyev, digər müəllim Zahid Canoyev müxtəlif mövzularda məruzə və təqdimat çıxışları etdilər.

Məktəbi qızıl medalla bitirmiş həkim Sədi Qurbanov maraqlı xatirələrini bölüşdü. Eyni zamanda mərasimə qatılan qonaqlara söz verildi. Qonaq kimi Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli və Böyük Qarakilsə İcmasının sədri, BDU-nun professoru Zahid Cəfərov çıxış edərək tədbir iştirakçılarını təbrik etdilər və tədbirin əhəmiyyətini vurğuladılar.

Bədii hissə maraqlı kompozisiya ilə start götürdü. Məclisə təşrif buyurmuş “Xan” rəqs qrupu maraqlı şou nümayiş etdirdi. Ardınca Arçutlu Fatma xanım Süleymanovanın şeirinə Arçutlu Qələndər Cinoyev tərəfindən bəstələnmiş “Arçut Eli” mahnısının təqdimatı oldu və ilk dəfə müğənni Yeganə Zahidqızı tərəfindən səsləndirildi. Daha sonra kənd aşıqları və şairləri Məhərrəm Oruclu, İbrahim Dağlaroğlu və Habil Rəcəbov tərəfindən şeirlər söylənildi, saz havası dinlənildi. Ürək sözləri bildirildi. Arçut kənd məktəbinin məzunlarından Tahir Məmmədov, həkim Tamilə Qurbanova maraq kəsb edən məzmunda çıxışlar etdilər.

Bədii hissənin axarında “Məktəb illəri” mahnısının sədaları altında zala məktəbin maketi təqdim olundu. Maket kompozisiyası tədbir iştirakçıları arasında xüsusi rəğbət qazandı. Yüksək alqışlarla qarşılandı. Sonra məktəbin 100 illiyi ilə əlaqədar hazırlanmış tort kəsildi. Məclisin sonuna yaxın “Son zəng” səhnəsi təqdim edildi. 1987-1988-ci və 1988-1989-cu tədris ilinin məzunları və şagirdləri Bəxtiyar Vahabzadənin “Son zəng” şeirini səsləndirib, rəmzi olaraq son zəngi vurdular.

Tədbir iştirakçıları foyedə qoyulmuş “Xatirə kitabı”na ürək sözlərini yazdılar. Həmçinin foyedə çəkiliş aparan tele-müxbirin maraqlı suallarını cavablandırdılar.

Materialı “Arçut Kənd İcması”nın Mətbuat xidməti hazırladı

22.01.2024

Related Stories